25.11.2017. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində olublar

25.11.2017. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində olublar

ÇapE-poçt

Noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi“ Əlincəqala Tarix-Mədəniyyət Muzeyində olublar.

Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli sərəncamına əsasən Əlincəqala tarixi abidəsi bərpa edilib, burda “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi  yaradılıb.

Ümummilli lider Heydər Əliyev Əlincəqala abidəsinin tarixi və mədəni əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb yaratdığını göstərir”.

Bildirilib ki, Əlincəqala muxtar respublika ərazisində qeydiyyata alınmış dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri sırasındadır. Muzeyin  Ekspozisiya zalında Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi nümunələr, Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitablar, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri nümayiş etdirilir.

Qeyd olunub ki, bərpa işləri zamanı qalanın tarixiliyi qorunub saxlanılıb. Qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub. Qalanın zirvəsinə doğru yol çəkilib, qala ərazisində işıqlandırma sistemləri yaradılıb, oturacaqlar qoyulub, yaşıllıqlar salınıb. Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. Bu gün Əlincəqalanın zirvəsində Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, dövlətçiliyinin rəmzi olan üçrəngli bayrağımız dalğalanır.

Joomla 1.5