16.01.2018. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib

ÇapE-poçt

Keçirilən müşavirədə xidmətin rəisi, baş miqrasiya xidməti müşaviri Şahin Nəbiyev məruzə edərək bildirib ki, 2017-ci il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz əmək miqrasiyasının qarşısının alınması və iş icazələrinin qüvvədə olma qaydalarına nəzarət etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilib.

Görülən işlərin nəticəsi olaraq ötən il ərzində muxtar respublika ərazisində qanunsuz və qeydiyyatsız yaşayan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 346 əcnəbi aşkarlanıb. Qanunvericiliyin tələblərini pozan şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.

Bildirilib ki, hesabat dövründə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı xidmətə 626, daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı 7, müvəqqəti yaşama icazəsinin yenidən rəsmiləşdirilməsi ilə bağlı 6, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi ilə bağlı 37, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar isə 337 müraciət daxil olub. Həmin müraciətlərin icrası mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilib.

Bu dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı Xidmətə ümumilikdə 9783 müraciət daxil olub. Həmin müraciətlərdən 7806-sı şəxsən, 1977-si isə konkret sahələr üzrə Dövlət Miqrasiya Xidmətinin e-mail ünvanına və elektron hökumət portalına daxil olub. Ümumilikdə Elektron xidmətlər vasitəsilə Xidmətin e-mail ünvanına və elektron hökumət portalına 2048 müraciət daxil olub. Daxil olmuş hər bir müraciət Xidmət tərəfindən tam, dəqiq və operativ cavablandırılılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hüquq-mühafizə orqanlarına maarifləndirmə və profilaktika tədbirlərinin davam etdirilməsi, nizam-intizamın daha da möhkəmləndirilməsi, ictimai asayişin və sabitliyin qorunmasına diqqətin artırılması barədə verdiyi tapşırıqları rəhbər götürülərək, 2017-ci ildə müxtəlif istiqamətlərdə maarifləndirmə tədbirləri həyata keçirilib.

Vurğulanıb ki, başa vurduğumuz il həm də əməkdaşlar üçün əlamətdar olub. Belə ki, 2017-ci il ərzində miqrasiya orqanları işçilərinin peşə bayramı münasibətilə xidmətin 3 əməkdaşı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilib. Bir qrup əməkdaş xidmətin yaradılmasının 7-ci ildönümü ilə əlaqədar mükafatlandırılıb. Belə ki, xidmət rəisinə növbədənkənar, 3 əməkdaşa isə növbəti xüsusi rütbə verilib, 6 əməkdaş fəxri fərmanla təltif edilib, 2 əməkdaş qiymətli hədiyyə ilə mükafatlandırılıb, 3 əməkdaşa təşəkkür elan edilib. Əlavə olaraq Xidmətin 2 əməkdaşına xidməti vəzifələrinin nümunəvi icrasına görə vaxtından əvvəl növbəti xüsusi rütbə verilib.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Xidmət rəisi əminlik ifadə edib ki, daim dövlət qayğısını öz üzərində hiss edən Dövlət Miqrasiya Xidməti 2018-ci ildə də muxtar respublikamızda miqrasiya siyasətinin uğurla davam etdirilməsi, vəzifə və tapşırıqların yüksək peşəkarlıqla yerinə yetirilməsi məqsədilə bütün imkanlarını səfərbər edəcəkdir.

Sonda Xidmətin 2018-ci il üçün iş planı təsdiq edilib və qarşıda duran vəzifələrlə bağlı struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Joomla 1.5